• 12-sen-2016, 00:09

KÖRPƏLƏRDƏ QƏBİZLİK

Bir çox analar bu problemlə üzləşir. Lakin analar bilməlidir ki, yenidoğulmuş uşaqlarda nəcisin gec-gec ifraz olunması heç də bütün hallarda qəbizliyin əlaməti deyil.
Əgər uşaq ana südü ilə qidalanırsa, o gündə 1 dəfə və hətta bir gündən bir (bəzən daha gec-gec) nəcis ifraz edə bilər. Məsələ burasındadır ki, körpə üçün ən ideal qida olan ana südü uşaq orqanizmi tərəfindən, demək olar, tam mənimsənilir ki, nəticədə ifraz etmək üçün "bir şey" qalmır. Məhz bu səbəbdən yalnız ana südü ilə qidalanan uşaqlar süni qida ("smes") alan uşaqlarla müqayisədə adətən daha gec-gec nəcis ifraz edirlər.

Süni qida ana südü ilə müqayisədə tam mənimsənilmir və süni qidalanan uşaqlar daha tez-tez nəcis ifraz edirlər. Lakin bu da çox fərdi bir məsələdir. Süni qida ilə qidalandırılan bir uşaq gündə 2 dəfə, digəri 3 dəfə, digəri isə kiçik miqdarlarla 4-5 dəfə nəcis ifraz edə bilər.

Beləliklə, nəcis ifrazının gec-gec olması yenidoğulmuş uşaqlarda qəbizliyin əsas əlaməti sayılmır.

Bu halda digər göstəricilərə diqqət yetirmək lazımdır:

-Nəcisin kütləsi. Yenidoğulmuş uşağın nəcisi xardal bərkliyində olmalıdır. Bərk, bir birinə yapışmış kiçik kürəciklər ("qoyun qığı") formasında olan nəcis qəbizliyin əlaməti sayılır. Bu halda mütləq pediatra müraciət etmək lazımdır. Lakin əgər uşağın nəcis kütləsi çox durudursa (dərhal "pampers"ə hopulur və "pampers"in üzərində qalmır), bu da yaxşı əlamət sayılmır.

-Nəcis ifraz etdiyi zaman uşaq rahat olmalıdır. Əgər uşaq bu zaman çox ağlayır, qızarır, gücənir, ayaqlarını yığır və digər narahatçılıq simptomları göstərirsə, uşağın qarnı tez-tez köpmüş və ağrılı olursa, bu da qəbizliyin əlaməti sayılır.

Əgər gec-gec nəcis ifraz edən uşaq rahat və problemsiz nəcis ifraz edirsə, onun nəcis kütləsi normal bərkliyindədirsə, inkişafında heç bir problem yoxdursa, narahatçılıq üçün də səbəb yoxdur.

Lakin əgər yuxarıda sadaladığımız qəbizliyin əlamətləri uşaqda müşahidə olunursa, mütləq bu haqda pediatrla məsləhətləşin.
Ana südü ilə qidalandırılan uşaqlarda qəbizliyin səbəbi ananın qida rasionu ola bilər. Bu halda ana öz rasionuna diqqət yetirməli və uşaqda qəbizliyə səbəb olan qidaları rasiondan çıxarmalıdır. Bir çox hallarda bu qidaların qəbulu ananın özündə də qəbizliyə gətirib çıxarır. Bu səbəbdən əgər ana bilir ki, hər hansı bir qida onun özündə qəbizliyə səbəb olursa, əmizdirmə zamanı ana bu qidadan imtina etməlidir - əks halda uşaq da qəbizlikdən əziyyət çəkəcək.

Süni qida ilə ("smes") qidalandırılan uşaqlarda qəbizliyin səbəbi bir çox hallarda süni qidanın düzgün hazırlanmaması, maye defisiti (ana südü ilə qidalandırılan uşaqlardan fərqli olaraq "smes"lə qidalandırılan uşağa mütləq maye verilməlidir), süni qidanın uşağa uyğun gəlməməsi ola bilər.
Bu halda pediatr qəbizliyin səbəbindən asılı olaraq anaya müəyyən tövsiyələr verə bilər. Belə ki, əgər qəbizliyin səbəbi uşağa verilən süni qidadırsa ("smes"), bu halda həkim bu qidanı digəri ilə əvəz etməyini tövsiyə edəcək.

Süni qidaların arasında qəbizliyə meyilli olan uşaqlar üçün xüsusi müalicəvi qidalar da var (məsələn, "Frisovom", "Nutrilon komfort" və s.). Nəzərinizə çatdıraq ki, belə qidaları uşağa yalnız həkim-pediatr təyin edə bilər.

Qəbizlikdən əziyyət çəkən uşağa ilk yardım məqsədi ilə xüsusi mikroimalələrdən istifadə etmək olar (məsələn, "Melilax" mikroimalələri ). Lakin imalələri yalnız nadir hallara istifadə etmək olar (daim yox!). Heç bir halda "kömək etmək" məqsədi ilə qəbizlikdən əziyyət çəkən uşağın anusuna sabun, termometrin ucunu, qulaq çöpünü və digər bu kimi "vasitələri" salmaq olmaz! Bu təhlükəli ola bilər!

Bəzi hallarda qəbizlik uşaqda çox ağır xəstəliklərin və pozulmaların əlaməti kimi meydana çıxır. Bu səbəbdən qəbizliyi olan uşağı özünüz "müalicə" etməyin, mütləq həkimə müraciət edin.

loading...

Həmçinin oxuyun