- 19-yan-2017, 21:44
“Yeməyini yeməsən, XOXAN səni yeyəcək...” – Qorxularla yanlış tərbiyə üsulu


Mövzu ilə bağlı Azadinform-un suallarına cavab verən psixoloq Gülnarə Əliyeva bildirib ki, qorxu təbii bir hissdir və insan doğularkən qorxu ilə doğulur: “Müəyyən yaş dövrlərində – çağalıq, körpəlik və məktəbə qədər dövrlərdə uşaqlarda bəzi ümumi qorxular vardır ki, bunlar normal olan qorxulardır. Əgər uşaq qorxursa, bu onun normal inkişafının göstəricisidir. Qorxu insanın müdafiə mexanizmasıdır və insanın özünü təhlükələrdən qorumasıdır. Bir uşaq istidən, soyuqdan, yıxılmaqdan, anasından ayrılmaqdan qorxmursa, deməli onu təhlükələr gözləyir. O, özünə zərər yetirə bilər. Uşaq çağalıq dövründə 0-6 ayında əsasən yüksək səsdən, ani hərəkətdən, 6-12 ayında yad insanlardan qorxur. Fikir versək görərik ki, o yaşda olan uşaqlar başqa insanların qucağına getməkdən qorxurlar. 1-6 yaş qorxuları isə ana-atadan ayrı düşmək, bəzi heyvanlardan, qaranlıqdan, təbiət hadisələrindən (əsasən 3-6 yaş, şimşəyin səsi) qorxmaq və bağçaya getmək qorxusudur. Uşaqlar 6-12 yaş dövründə artıq cəzalanmaqdan, yaralanmaqdan, müəllimin tənqidindən qorxmağa başlayırlar. Yaş etibarilə bu qorxular normal sayılır”.
Psixoloq qeyd edib ki, lakin çox təəssüf ki, biz valideynlər uşaqlarda bəzi anormal qorxuları yaradırıq. “Daha sonra isə bunun əzablarına qatlanırıq. Bunun nəticəsində uşaq həkimdən, xoxandan, ruhdan, itdən, qaranlıqda gözə görünməyən nədənsə qorxmağa başlayırlar. Xaricdə – elə Rusiyanın özündə yaşayan uşaqlar həyətdə it-pişik görəndə ona toxunmaqdan qorxmurlar, əksinə sığallayırlar. Bizim cəmiyyətdə isə uşaq it görəndə ona nəsə zərər verəcəyini düşünür. Çünki uşaq o cür tərbiyə görüb. Hansı ki valideyn uşağa deyir ki, “yeməyini yeməsən, itə deyəcəm gəlib səni yeyəcək”, “həkimə deyəcəm gəlib sənə iynə vuracaq”. Ona görə də lazım olduqda uşaq həkimə yoxlanışa gedəndə normal şəkildə oturmaq əvəzinə çığırır, səsi bütün xəstəxanadan eşidilir. Və ya digər bir məsələ. Gələcəkdə çöl iti olmasın, ev iti olsun yenə də biz uşağı məcbur edirik ki, onu sevsin, ona sığal çəksin. Təbii ki, heç vaxt çəkməz. Amma biz məcbur edirik. Bu qorxuları valideynlər yaradır və zaman keçdikcə bunu hiss etmirlər. Uşaq bu otaqdan o otağa keçməyə, qaranlıqda tək qalmaqdan qorxur, tək oynaya bilmir. Sonra valideynlər başlayırlar düşünməyə ki, uşaq niyə belə oldu, niyə bunlardan qorxdu. Halbuki bu qorxunun təməlin elə valideynlər qoymuşdu”.
G. Əliyeva hesab edir ki, qorxular getdikcə uşaqda fobiyaya da çevrilə bilir, özgüvəndə əskikliyə də gətirib çıxarır: “Bu da cəmiyyətdə özünü düzgün ifadə etməməyə, sosial fobiyalara gətirib çıxarır. Cəmiyyətimizin də istər böyüklərdə, istərsə də uşaqlarda elə ən böyük problem də özünü ifadə etməyi bacarmamaqdır. Bunlarında səbəbi uşaqlıqda qorxu ilə qoyulan qadağalardır. Qorxu da niyə qoyulur? Valideyn uşağa istədiyini etdirə bilməyəndə bu cür vasitələrə əl atır. Və o zaman uşaq istədi-istəmədi yatır, yeməyini yeyir. Yəni zor gücünə bunları edir. Bu valideynlər tərəfindən daha asan tərbiyə üsulu hesab olunur. Lakin bu düzgün deyil, əksinə uşaqda hansıs qorxu varsa, onu çalışıb yavaş-yavaş yenmək lazımdır. Uşaqları qorxu ilə tərbiyə etmək yerinə düzgün qaydalarla tərbiyə etmək lazımdır. Əgər uşaqlarda qorxu, özgüvən zəifliyi varsa və yenə bilmirlərsə daha peşəkar yardım alaraq bunun öhdəsindən gəlməyi bacarmaq lazımdır. Çünki müəyyən davranış pozğunluqları da yaranır. Bunlar dırnaq yemə, müəyyən göz-qaş hərəkətlərinin təkrarən olması, dırnaq çeynəmə və.s-dir. Yəni uşaq qorxduğu anda bu hərəkətləri edir və bunlar vərdiş halını alır. Nəticədə qorxunun mənfi fəsadları özünü büruzə verir”.

loading...